Bugun...
Menim Atam


Doç.Dr.Gamar J. Murşudlu /Bakü Hazar Rüzgarı
gamar@kamudannethaber.com
 
 

 

Bu dəfə Atam haqqında yazıram...Bəli, Atam haqqında. Həm də yalnız Atam olduğuna görə deyil, Azərbaycan təhsilinin inkişafındakı böyük əməyinə görə. Yazmamağa da haqqım yoxdur. Bu qənaətə Atamın “Xatirələrim” əlyazmasını nəşrə hazırladığımız zaman gəldim. Əlyazmasını oxuduqca 90 illik ömrünün 55 ilini təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir insanın acılı-şirinli həyat yolu film kimi gözlərim önündə canlanırdı...

Atam Cəfər Mürşüdlü bir yaşındaykən anası, on bir yaşındaykən isə atası vəfat edir. Buna görə də böyük qardaşının himayəsində yaşamalı olur və təsərrüfat işlərində ona kömək edir. Lakin o, təhsil almaq arzusundaydı. Hələ 8-9 yaşlarında xalasından ibtidai sinif səviyyəsində ərəb əlifbasında yazmağı və oxumağı öyrənmişdi.

Sovet quruluşunun ilk illəri idi, hələ kəndlərdə məktəb yox idi. Atam təhsil almaq üçün Bakıya getməyi düşünürdü, lakin uzaq olduğundan buna evdə razılıq verməyəcəklərini də bilirdi. Ona görə də kimsəyə bir söz demədən yaşadığı kənddən Tovuz şəhərinə gəlir, bilet almağa pulu olmadığından yük qatarına minərək Bakıya yola düşür. Amma pulsuz, bir kimsəni tanımadığı böyük şəhərdə onun üçün çox çətin olacağını bilmirdi. Yaxşı ki, dünyada xeyirxah insanlar var, onlardan biri Atamı firqə məktəbinə aparır. Orada onun yazıb-oxuma bacarığını yoxlayıb məktəbə qəbul edirlər. Beləliklə, gələcəyə aparan yol başlayır...

Atam firqə məktəbini əla qiymətlərlə bitirir və onu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarının birlikdə daxil olduqları Kürdüstan Qəza İcraiyyə Komitəsinə texniki katib vəzifəsinə göndərirlər. Bu zaman onun 19 yaşı vardı. Lakin Atam burada bir ildən az çalışır və ali təhsil almaq üçün yenidən Bakıya qayıdır. İmtahanlara çatmadığından komsomolun Mərkəzi Komitəsi onu Göyçay Qəza Komsomol Komitəsinə təbliğat-təşviqat şöbəsinə müdir vəzifəsinə təyin edir. Yaşının və təcrübəsinin az olmasına baxmayaraq işinin öhdəsindən bacarıqla gəlir. Buna görə də Atamın ali təhsil almaq haqqında müraciətinə müsbət yanaşılır və o, Qəza Partiya Komitəsinin təqdimatı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Zaqafqaziya Kommunist Universitetinə oxumağa göndərilir. Kommunist Universiteti Tiflis şəhərində yerləşirdi. Atam uğurla imtahan verib Universitetin tarix fakultəsinə qəbul olunur. Universitetdə oxuyarkən ictimai fəallığı ilə seçilir: Zaqafqaziya üçün əhəmiyyətli olan çoxtirajlı “Qızıl Şəfəq” (sonradan “Yeni Qüvvə” adlanır, Azərbaycan türkcəsində nəşr edilirdi) dərgisinin redaktoru təyin olunur, Zaqafqaziya Federasiyası Sovetinin V qurultayına nümayəndə seçilir.

Universiteti başarıyla bitirdikdən sonra 25 yaşlı Atam Gəncə Şəhər Xalq Maarif Şöbəsinə müdir təyin edilir. Və ilk gündən özünü bacarıqlı təşkilatçı, təhsil məsələlərini yaxşı bilən bir mütəxəssis kimi tanıdır. Bu keyfiyyətlərinə görə çox keçmir ki, onu Gəncə İnternasional Pedaqoji Texnikumuna direktor təyin edirlər; Gəncə şəhər Sovetinin deputatı seçilir. Çox keçmir ki, Atamın rəhbərlik etdiyi texnikum Ümumittifaq sosializm yarışında birinci yeri tutur. Sovetlərin ilk onilliklərində bu mükafat çox nüfuzlu idi.

Gəncədə çalışdığı 7 il Atamın təhsil sahəsindəki fəaliyyətinin ən məhsuldar dövrlərindən hesab etmək olar. O, texnikum direktoru kimi çalışmaqla yanaşı Gəncə Kənd Təsərrüfatı İnstitutunda da dərs deyirdi; Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü idi; Gəncə zonası (buraya Gəncə, Şəmkir, Samux, Dəstəfur, Gədəbəy, Tovuz, Qazax rayonları daxil idi) üzrə müəllimlərin və maarif işçilərininin attestasiyası üzrə komissiyanın sədri kimi məsul ictimai vəzifəni də yerinə yetirirdi. Bütün bu məsul işlərin öhdəsindən Atam 25-32 yaş dövründə gəlir. Və gənc olmasına baxmayaraq özünü xalqına yorulmadan xidmət edən, təhsil sahəsini peşəkarcasına bilən, həm də hər kəsə xeyirxaqlıqla yanaşan bir insan kimi tanıdır. Buna görə də istər hökumət səviyyəsində, istərsə də əhali arasında böyük nüfuz və hörmət qazanır.

1937-ci ilin sonlarında Atama Kirovabad (Gəncə 1935-ci ildən belə adlandırılırdı) Pedaqoji İnstitutunun yaradılması ilə bağlı təşkilati işləri görmək tapşırılır və o, instituta direktor təyin edilir. Lakin Atam bu işi sona çatdıra bilmir, çünki ölkədə tüğyan edən və xalqın minlərlə ləyaqətli övladını qətlə yetirən, sürgünlərdə məhv edən “qırmızı terror” ondan da yan keçmir. Onu millətçi kimi kommunist partiyası sıralarından xaric edir və işdən də çıxarırlar. 1938-ci il aprelin 9-u gecəsi isə “xalq düşməni” kimi həbs edirlər. İstintaqı erməni müstəntiqlər aparırdılar. Aclığa, mənəvi və fiziki işgəncələrə baxmayaraq, Atam erməni müstəntiqlərin yazmış olduqları saxta etirafa imza etmirdi. Uydurma etirafın məzmunu belə idi: ”Mən Cəfər Paşa oğlu Mürşüdlü həqiqətən burjua millətçisiyəm, dövlət çevrilişinə hazırlıqda iştirak etmişəm, xalq düşməniyəm”. Bu etirafın cəzası güllələnmə idi. Şübhəsiz ki, Atam “xalq düşməni” olmadığı, Vətəninə, xalqına sədaqətlə xidmət etdiyi üçün onun haqqında uydurulmuş iftiraya imza qoya bilməzdi...

Həyat paradoksallıqlarla, ziddiyyətlərlə zəngindir. İş elə gətirir ki, Atam “qırmızı terror”un baş cəlladı İ.V.Stalinə yazmış olduğu ərizə sayəsində həbsdən azad edilir. Məsələ belə olur: növbəti sorğu-sual zamanı müstəntiqlərdən birinin vurduğu ağır zərbədən Atam huşunu itirir. Onu həbsxananın xəstəxanasına götürürlər. Doktorlar təcili cərrahi əməliyyat olmasa, məhbusun ölə biləcəyini bildirirlər. Şəhərdən cərrah dəvət edilir və Atamın ağır əməliyyatı uğurla başa çatır. Bir ay xəstəxanada onun müalicəsinə Katya adlı tibb bacısı nəzarət edir, ona oğul kimi qayğı göstərir. Bir gün Atam ehtiyatla ondan kağız, qələm və zərf gətirməsini xahiş edir: “Moskvaya ərizə yazmaq istəyirəm, axı mən günahsız həbs edilmişəm”,− deyir. Tibb bacısı əvvəlcə razılıq vermir, xəbər tutarlarsa, ağır cəzalana biləcəyini deyir, amma bir qədər fikirləşdikdən sonra “gətirərəm, ancaq bunu heç kəs bilməsin, söyləyir. 

Beləliklə, Atam günahsız yerə həbs olunması haqda Stalinin adına ərizə yazır və yenə həmin tibb bacısının yardımı ilə onu Moskvaya göndərə bilir. Az müddət keçdikdən sonra günahsız tutulanların şikayətlərini yoxlamaq üçün Moskvadan Bakıya gələn komissiya faktları araşdıraraq, Atama qarşı ittihamlarda çoxsaylı uyğunsuzluq aşkar edir və onun həbsdən azad olması haqqında qərar verir.

Həbsdə olduğu o əzab-əziyyətli bir il Atamın həyatını, gələcək plan və arzularını alt-üst etdi, ona böyük mənəvi və maddi ziyan verdi, halal zəhməti, bilik və bacarığı ilə cavan yaşında qazanmış olduğu böyük nüfuzunu yerə vurdu. Ancaq atam sınmadı, işgəncələrə dözdü, dirəndi, saxta, uydurma ittihamları boynuna almadı, “qırmızı terror”a öz günahsızlığını etiraf etdirdi. Bu, o dövrdə möcüzə sayıla biləcək bir qələbə idi. Həbsdən buraxıldıqdan sonra atam yenidən təhsil sahəsində işləməyə başladı. Bir müddət Qazax şəhər Pedaqoji Texnikumunda tarix müəllimi kimi işləyir. Amma II Dünya müharibəsinin başlaması ilə əlaqədar 1942-ci ildə orduya alırlar və ən ağır cəbhəyə − Şimali Qafqaza göndərirlər.

Bu dövrdə respublikamızda müəllim çatışmazlığı vardı. Mərkəzdə (yəni Kommunist Partiyasının Mərkəzi Komitəsində) Qazax şəhərində İkiillik Müəllimlər İnstitutu açılması qərara alınır. Bu zaman peşəkarlığı, təşkilatçılıq bacarığı ilə tanınan Atam yada düşür. Birinci katib M.C.Bağırov soruşur ki, Gəncədə Mürşüdlü var idi, indi o, nə işlə məşğuldur? Cəbhədə olduğunu bildikdə, onun geri çağırılması göstərişini verir. Atama Qazaxda İkiillik Müəllimlər İnstitutunun yaradılması tapşırılır. Atam İnstitutun təşkilati məsələləri ilə məşğul olmaqla bərabər qısa müddət Qazax şəhər orta məktəbində direktor da işləyir. Atamın zəhməti hədər getmir: təkcə Gəncə-Qazax bölgəsi üçün deyil, Azərbaycanın digər bölgələri üçün də müəllim hazırlığında böyük rol oynamış Qazax İkiillik Müəllimlər İnstitutu 1943-cü ildə fəaliyyətə başlayır.

Sonrakı illərdə - ta təqaüdə çıxana qədər Atam məktəb direktoru və tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Atam bütün həyatı boyu doğru bildiyi yoldan çəkilmədi. Onun minlərlə tələbəsinin, şagirdinin, həmkarının, soydaşının, nəhayət tarixin yaddaşında qalan bir gerçək var: Cəfər Mürşüdlü hər zaman həyat və iş prinsiplərinə sadiq qaldı, təhsilimizin inkişafı, sağlam ruhlu, sağlam düşüncəli gənclərin yetişdirilməsi üçün əlindən gələnləri etdi, cəmiyyətdə baş verən dəyişikliklərə rəğmən yaltaqlıq, rüşvətxorluq, ikiüzlülük, riyakarlıq və s. kimi mənfi xüsusiyyətləri yaxınına buraxmadı.

P.S. Bu yazını bir həftə öncə hazırlamağa başlamışdım, amma bu gün tamamlaya bildim. Bu gün isə onun anım günüdür. Təsadüfdür mü, bilmirəm...





YORUMLAR

Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.

YORUM YAZ



YORUM YAZ

FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

HABER ARA
SON YORUMLANANLAR HABERLER
ÇOK OKUNAN HABERLER
VİDEO GALERİ
FOTO GALERİ
GÜNDEMDEN BAŞLIKLAR
Henüz anket oluşturulmamış.
YUKARI