M.Mahmudbəyov “Rəhbər” adlı jurnal nəşr etmişdir. O, Azərbaycan pedaqoji mətbuatının pioneri olan jurnalda ərəb və fars dillərində olan dərslikləri, pedaqoji təhsili olmayan müəllimləri, uşaqların beyinlərini zəhərləyən, onlara yabançı dil və düşüncələri təbliğ edən mollaları kəskin tənqid etmişdir. O, hesab edirdi ki, öz vaxtlarını belə məktəblərdə itirən uşaqlar dünyəvi biliklər qazana bilmirlər.
Qadınların təhsil almasına böyük önəm verən M. Mahmudbəyov uşaqların təlim – tərbiyəsində ailənin, xüsusən də ananın, rolunun yüksək olduğunu qeyd edərək yazırdı ki, uşağın tərbiyəsinə ilk olaraq ailədə başlanır və buna görə də ananın savadlı olması çox vacibdir.Çünki savadlı ana uşağı düzgün tərbiyə edər, ona bilikləri öyrənməkdə yardımçı ola bilər. 1917 – ci ilin avqustunda Müəllimlər İttifaqının toplantısında M.Mahmudbəyovun təşəbbüsü ilə Şamaxıda iki qadın gimnaziyasının təşkil olunması haqqında qərar qəbul edilmişdir.
M.Mahmudbəyov bir çox dərsliklərin müəllifi olmuşdur. Onun “Birinci il” , “İkinci il”, “Yeni məktəb”, “Türk ədəbiyyatına giriş”, “Bizim hüsnxət” kimi dərslikləri uzun müddət məktədlərdə tədris edilmişdir.
Maarifin inkişafında göstərdiyi fəaliyyətə görə 1896 –cı ildə “Qafqaz” ordeni, 1898-ci ildə isə “Müqəddəs Svyatoslav” III dərəcəli orden və Fəxri fərmanla mükafatlandırılmışdır.
Bütün şüurlu həyatını təhsilin inkişafına sərf etmiş M.Mahmudbəyov Azərbaycan məktəb tarixində imzası olan təhsil fədailərindən biridir.