Azad Müəllimlər Birliyi məktəblilər arasında "Ordum mənim, yurdum mənim" adllı bir kampaniya düzənləmişdi. Çeşid-çeşid sovqat yığılmışdı: corablar, isti alt paltarları,dərmanlar, şirniyyatlar, meyvələr, siqaretlər bir də məktublar....Yığılan sovqatı 7 nəfərlik bir heyətlə Şuşaya- onun müdafiəçilərinə aparmağı qərarlaşdıq. 1992 -ci il mayın 8-i idi. Avtobusumuz səhər tezdən Bakıdan yola çıxdı.Saat doqquz olardı. Nəvahidə polis avtobusumuzu saxlayaraq:. --Hara gedirsiniz?-deyə soruşdu
Mən qabağa gələrək:
-Şuşaya, məktəblilərin sovqatlarıdır, şəhərin müdafiəçilərinə aparırıq-dedim
Polis qətiyyətli bir şəkildə:
- Orada vəziyyət çox ağırdır. Olmaz. Biz əmr almışıq! Geri qayıdın! -dedi.
Təkidli xahişlərimizə baxmayaraq izn verilmədi.
"Bəs sovqatlar?", "Axı necə geri qayıda bilərik ?" Uşaqlara nə deyəcəyik?" Sual və düşüncələr içində mən:
- Goranboya gedirik. Orada da hərbi hissə var -dedim
Goranboya günortadan sonra çatdıq. Hərbi hissədə bizi çox yaxşı qarşıladılar. Amma hamı narahat idi.Şuşada vəziyyətin ağır olması xəbəri bura da çatmışdı. Lakin inana bilmirdilər. Biz yolda polislə olan söhbətimizi, xəbərin doğru olduğunu onlara danışdıq. Günəş qüruba enmişdi. Bölük komandirinin zəhmli səsini eşidən əsgərlər bir cərgəyə düzüldü, bizi-7 nəfər müəllimi də öz aralarına aldılar. Komandırın baxışlarından ağır bir xəbər alacağımız hiss olunurdu.
" Bu gün qəhrəman Şuşa şəhəri erməni daşnakları tərəfindən işğal olunmuşdu! ............" Soyadını unutduğum o gənc komandirin zəhmli, qəhər boğmuş səsini 25 il keçməsinə baxmayaraq hələ də xatırlayıram.