Məmlüklər Türk imperiyasının ilk və tək qadın hökmdarı əl-Məlikə İsmət əd-Din Umm-Xəlil Şəcər əd-Dürrün portreti
Misir Ərəb Respublikasının baş şəhəri Qahirənin əl-Əşrəf küçəsində mozaikalarla bəzədilmiş tarixi bir məqbərə vardır. Hər zaman turistlərin də diqqətini cəlb edən bu məqbərədə Məmlüklər adı ilə tarixə düşmüş Türk imperiyasının ilk və tək qadın hökmdarı əl-Məlikə İsmət əd-Din Umm-Xəlil Şəcər əd-Dürrün məzarı vardır.
XIII əsrdə yaşamış Şəcər əd-Dürrün (Mirvari ağacı) soyu və Sultan əs-Saleh Əyyubun sarayına düşməsi haqqında bir sıra tarixi məlumatlar vardır. Araşdırmalar onun əslinin məmlük türklərindən gəldiyini göstərir; amma bəzi mənbələr Şəcər əd-Dürrün qıpçaq əsilli olduğunu vurğulayır. Sultan hərəmxanasının cariyələrindən olan Şəcər öz ağlı və bacarığı ilə nüfuz qazanır və artıq bütün rəsmi sənədlərdə “Xəlilin anası”, xütbədə isə “Sultan əs-Salehin xanımı” kimi qeyd olunur.
1249-cu ildə Fransa kralı IX Lüdovikin başçılığı ilə Xaç yürüşünə çıxan xristianlar Sultan Saleh Əyyubinin ölkədə olmamasından (o, Dəməşqdə idi) istifadə edərək Nilin sahilindəki Dəmyət şəhərində köç salırlar. Ərinin ölkədə olmaması səbəbindən Sultan Şəcər ordu komandanlığını üzərinə götürür və yüksək təşkilatçılıq ilə hücum planı hazırladır. Səfərdən qayıdan Sultan Əyyubi hansısa qərar qəbul etməyə macal tapmır. Bir neçə gün sonra vəfat edir. Şəcər bu faktı hər kəsdən gizlədərək Sultanın ağır yataq xəstəsi olduğunu elan edir. Ölkə müharibə şəraitində olduğuna görə Sultan Şəcər Saleh Əyyubinin ölümünü ilk növbədə düşmənlərdən gizlətmək istəyirdi. Şəcər Sultandan olan oğlunun vəfatından sonra taxtı yeganə mirasçı kimi Salehin birinci həyat yoldaşından olan oğlu Turanşaha təhvil verir və Sultanın vəfat etdiyini bildirir. Turanşah və məmlüklərin gücü ilə düşmən məhv edir və kral IX Lüdovik əsir düşür. Lakin Turanşahın məmlükləri saymamasından qəzəblənən məmlüklər onu qətlə yetirirlər.
1250-ci il 2 mayda ordu Şəcər əd-Dürrü taxta çıxarır. Hakimiyyəti bütünlüklə əlinə alan sultan Şəcər bəxşişlər verir, məmlüklərin şərəfinə üzərində öz təsviri olan gümüş pullar basdırır, franklarla sülh sazişi bağlayır və IX Lüdovikin müəyyən məbləğ qarşısında azad olunaraq vətəninə qayıtmasına imkan verir. Sultan Şəcərin qadın olmasına baxmayaraq məscidlərdə də onun şərəfinə dualar edilməyə başlanılır. Amma Misir sultanlığı Bağdad xəlifəliyinə tabe idi və xəlifə bir qadının ölkədə hökmranlıq etməsinə hec cür razı ola bilmir. Və Şəcərin hakimiyyətinin 80 günlüyündə Bağdad xəlifəsindən bir qadının hökmdar olmasını təqdir etməyən məktub gəlir. Məktub “Başqa adamınız yoxdursa, öz adamımızı göndərək” cümləsulə bitirdi.
Bu durumda sultan Şəcər ağıllı qərar verir- məmlük əmiri, türkmən əsilli Aybəklə ailə həyatı qurur. Orduda yüksək etimad və hörmət sahibi olan Aybək bu zaman ailəli idi və iki övladı var idi. Ancaq bu Sultan Şəcəri dayandırmır. Aybəki ailəsindən boşadaraq onu taxta çıxaran Sultan Şəcər əslində hakimiyyəti əlində saxlayır və Bağdadı razı salır. Və 7 il ölkəni demək olar ki, Şəcər özü idarə edir. O, yenə də qərarları imzalamağa davam edirdi və bu zaman kəsilən pulların üzərində Sultan Aybəklə Şəcərin şəkilləri basılırdı. Ancaq bütün bunlara baxmayaraq, Şəcər əd-Dürrün Divanda iştirak etmə hüququ yox idi...