İdarə Heyətinin toplantısında öncə görülmüş işlər və qərarların icra vəziyyəti haqda məlumat dinlənilərək qəbul olunduqdan sonra ADR Hərəkatı sıralarına qəbulla bağlı Qubadlı rayonunun keçmiş İcra başçısı Elxan Nuriyevin müraciətinə baxılıb və müsbət həll olunub.
İctimai siyasi vəziyyətlə bağlı məruzə ilə sədr müavini Adil Qeybulla çıxış edib. O, çıxışında dünyada, eyni zamanda regionumuzda və ölkəmizdə cərəyan edən siyasi -hərbi proseslərə ətraflı münasibət bildirib və əsas diqqəti general Qasım Süleymanının ölümünün cəmiyyətimizin müxtəlif kəsimləri arasında fikir müxtəlifliyinə yol açan səbəblərə çəkərək baş verənlərin cəmiyyətdə siyasi-ideoloji boşluğun mövcudluğu və hakimiyyətin Qərbə inteqrasiya istiqamətində apardığı yarıtmaz xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirib.
Bölgədə yaranan vəziyyət ətrafında gedən müzakirələrdən narahatlığını ifadə edən yığıncaq iştirakçıları mövcud durumun 27 ildən bəri avtoritar idarəçilyi saxlayan Əliyev rejiminin siyasi partiyaları, ictimai birlikləri, müstəqil vətəndaş cəmiyyətini, azad mətbuatı, insanları haqq və azadlıqlarını hədəf alan siyasətinin məntiqi nəticəsi olduğunu qeyd ediblər.
ADR Hərəkatının İdarə Heyəti Azərbaycana da faciələr yaşatmış terrorizmi psiləyərək ona qarşı mübarizənin beynəlxalq hüquq normaları çərçivəsində aparılmasını məqbul hesab ediblər.
Yığıncaqda həmçinin ADR Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin fəaliyyət proqramının hazırlanması, işçi qruplarının yaradılması və tədbirlər planının tərtib edilməsi ilə bağlı təkliflər irəli sürülüb və yanvar ayının 10-da TK-nin yığıncağının çağırılması nəzərə alınıb.
Daha sonra 20 Yanvar faciəsinin ildönümü günü Şəhidlər Xiyabanına ziyarətin təşkilinin detalları müzakirə edilib. Sonda cari məsələlərə baxılıb.