Məlahət xanım, Məryəm müəllim vəfat edib İngilis dili müəllimi Dilarə xanımın telefonda ağlayaraq verdiyi ağır xəbərdən yerimdəcə donub qaldım. Ancaq:”Nə zaman?”- deyə bildim..
- Bu gün. Mən ona baş çəkməyə hazırlaşırdım. Siyəzəndə işləyəndə mənə çox yaxşılıq edib. Məktəbimizin direktoru idi, mənə və gənc həmkarlarıma müəllimliyin sirlərini öyrətdi.-dedi.
Müəllim, tanınmış ictimai-siyasi xadim, Milli Məclisin sabiq üzvü, İstiqlalçı millət vəkili Məryəm Həsənova artıq ara...mızda yoxdur. Bir çoxlarımız ona baş çəkməyə macal tapmadıq. Ara –sıra telefon danışıqlarımızda : “babatam, pis deyiləm” deyərdi. Bəlkə elə bu sözlər də bizi aldatdı. Bu günü, sabaha, sabahı o biri həftəyə, aya saldıq və bu da sonuc.
...2014-cü ildə bir qrup əqidədaşlarımızla ziyarətinə getmişdik. Yataqxanatipli, adına yaraşmayan birotaqlı mənzilində səliqə-səhmanla süfrə açmışdı…Daha sonra müstəqilliyimizin 25 illiyində Bakıda görüşdük.
Təbəssümlə gülümsəyən üzünün dərin cizgiləri arasında ölkəmizin bugünkü və gələcəyi barədə yaşadığı narahatçılıq açıqca hiss olunurdu: “İstədiyimiz dövləti qura bilmədik” dedi.
Özü böyük olduğu qədər də dərdi böyük idi: Şəhid dərdi. Vətən dərdi bir də ailə dərdi… Bu gün dərdləri ilə birlikdə haqqın dərgahına qovuşdu Məryəm xanım. Bir çoxlarının tanıdığı qarayaylıqlı Millət vəkili…
Allah rəhmət eləsin!